Microsoft korporasiyası Windows əməliyyat sistemi bazası əsasında işləyən kompüterlər üçün Kinect sensorlarının satışına başlayıb.
Qurğu ilk növbədə proqram tərtibatçıları üçün nəzərdə tutulub. İndi onlar Kinect-in PC-versiyası ilə kommersiya proqramları yazmaq hüququ əldə ediblər. Bunun üçün Microsoft müvafiq alətlər dəsti (SDK) buraxıb.
Kinect-in qiyməti 249,99 dollar təşkil edir. Bu, Xbox 360 oyun qurğusunun versiyasından 100 dollar bahadır, Lenta yazır.
Windows üçün Kinect sensoru Xbox 360 sensorundan bir qədər fərqlənir, belə ki, istifadəçi və qurğu arasında minimal məsafə 40 santimetrədək azaldılıb, aparatı kompüter ilə birləşdirən kabel qısaldılıb, USB çıxışın ölçüsü isə kiçildilib.
Sensorun qoşulacağı kompüter Windows 7, Windows Embedded 7 və ya Windows 8 əməliyyat sistemləri ilə işləməli, minimum 2,66 giqahers takt tezlikli 2 ikinüvəli prosessora və 2 giqabayt əməliyyat yaddaşına malik olmalıdır. Bir kompüterə eyni vaxtda 4 Kinect sensoru qoşmaq mümkündür.