Epidemiyadan dolayı evdən çalışmağa davam edənlərə yeni reallığa uyğunlaşmaq üçün 6 TÖVSİYƏ:


Covid-19 pandemiyasından dolayı evdən işləyənlərin bəziləri artıq ofislərə geri qayıdıb. Ancaq evdən davam edənlərin sayı az deyil.


Evdən çalışmaq bəziləri üçün xəyallarının reallaşması deməkdir, məsələn, erkən oyanmaq və tıxacda qalmaq dərdi yoxdur. Ancaq bu zamanın uzanması özü ilə bərabər problemlər də gətirməkdədir.


Siz bu yeni reallığa psixoloji cəhətdən hazır olmalısınız. Psixoterapevt və bestseller kitabların müəllifi Amy Morin “Business Insider”a yeni reallığa adaptasiya olmaq üçün özünün 6 Tövsiyəsini verib.


İş üçün ayrıca yer ayırın


Pijamalarınızla yatdığınız yerdən işləmək başlanğıcda sizə əyləncəli gələ bilər. Ancaq bir neçə həftə sonra hər yerinizin ağrımağa başladığını görəcəksiniz. Uzun müddət onlayn iş rejiminin davam etməsi üçün ev daxilində ayrıca iş üçün ayrılmış sahənin olması mütləqdir. Bu bəziləri üçün evin bir küncündə səs-küy ləğv edən qulaqlıqlarla işləmək mənasına gələ bilər, bəzilərinin isə təbii işıq alan bir sahəyə ehtiyacı ola bilər.
Onurğa sağlamlığını qoruyacaq oturacaqlara üstünlük verin. Oyaq olduğunuz müddətin çoxunu işləyərək keçirəcəyinizi düşünsək, bu amilləri gözdən qaçırmayın.


Ev və iş həyatınızı tarazlayın


Evdə olduğunuz üçün işinizin olmadığını düşünən nənəniz sizə zəng edib sizinlə danışmaq istəyə bilər, ya da gecə televizora baxarkən iş e-maillərinə cavab verməyə başlaya bilərsiniz. Evimiz bir növ, həm də iş yerimiz olduğuna görə ev və iş ayrımına daha çox diqqət yetirməliyik. İş saatları daxilində işdən əlavə zənglərə vaxt ayırmayaraq daha məhsuldar işləyə bilərsiniz. Eyni şəkildə iş vaxtı bitdikdən sonra isə işi sizə xatırladacaq personal kompüterinizi, ya da sənədlərinizi görməyəcəyiniz bir yerə qoya bilərsiniz. İşinizlə əlaqədar bir şeylə məşğul olarkən, digər tərəfdən də paltaryuyan maşını işə sala bilərsiniz. İki dünya arasında kiçik keçidlər eləmək də isə heç bir problem yoxdur.


Emosional vəziyyətinizə diqqət yetirin


Evdən işləməkdən sıxıldınızmı? Özünüzü yalnızmı hiss edirsiniz?
Araşdırmalar göstərir ki, necə hiss etdiyinizin fərqinə varmaq o duyğunun şiddətinin və müddətinin azalmasına gətirib çıxarır. Məsələn, “Utanıram” demək belə sizin daha yaxşı hiss etməyinizə səbəb ola bilər.
Necə hiss etdiyinizi dəqiqləşdirəndən sonra o duyğunu daha yaxşı dəf edə bilərsiniz. Ürəyiniz sıxılanda yemək mi yeyirsiniz? Özünüzü yalnız hiss edəndə sosial mediada daha çoxmu vaxt keçirirsiniz? Narahat hiss etdikdə işlərinizi təxirə salmağamı meyillisiniz?
Mənfi duyğularınızın öhdəsindən gəlmək üçün günlük tuta bilərsiniz, özünüzə hobbi tapa bilərsiniz və nəfəs məşqləri ilə məşğul ola bilərsiniz.


Özünüzə uyğun müəyyən qaydalar müəyyənləşdirin


Məsələn, heç kim sizi görməsə də iş geyimlərinizi geydikdə dahamı məhsuldar işləyirsiniz?
Özünüzə uyğun iş yeri qaydalarına bənzər qaydalar müəyyənləşdirin. Sadə qaydalara əməl etmək evdən işləyərkən daha yaxşı işləməyinizi təmin edə bilər.


Evdən işləməyin üstünlüklərindən faydalanın


Məsələn, eyvanınızda rahat bir şəkildə işləyə bilərsiniz, görüntülü iclaslara pijama ilə qatıla bilərsiniz. Ofisdə olsanız edə bilməyəcəyiniz şeyləri edin.


Narahatlıqlara hazır olun


Evdə işləyərkən texniki problemlər və ya arxada səs-küy salan uşaqlar ola bilər. Müdirləriniz də daxil olmaqla çox insanın sizinlə eyni vəziyyətdə olduğundan bu tipli problemlər anlayışla qarşılana bilər. Bu formada mənfiliklər normal haldır, ona görə də narahat olmayın və özünü daima pozitivə kökləyin.